Satılabilən ümumi qızıl ehtiyatı 778 min unsiyaya çatdırılıb

2024.01.30 12:28 (UTC+04:00)

Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir.

Bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov QSC-nin 2023-cü il üzrə fəaliyyətinə dair hesabatın təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, QSC tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb.

"2016-cı ildə yatağın satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri ilə paralel həyata keçirilən optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində yatağın satılabilən qızıl ehtiyatı 535 min unsiyaya çatdırılıb. Həmçinin, geoloqlarımız tərəfindən kəşf edilmiş “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağı, eləcə də SSRİ dövründə kəşf edilmiş, müasir dönəmdə məhz geoloqlarımız tərəfindən geniş tədqiq edilmiş “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı daha 243 min unsiya artırılaraq, 778 min unsiyaya çatdırılıb. Bununla da 2016-cı ildən 2023-cü ilədək “Çovdar” və cinahlardakı yataqlar hesabına ümumi satılabilən ehtiyat bazasının 4 dəfədən çox artırılmasına nail olunub",- deyə Z.İbrahimov qeyd edib.