"AzerGold" QSC-nin ümumi satış gəlirlərində 15 faiz artım qeydə alınıb

2024.01.30 11:47 (UTC+04:00)

2023-cü ildə yerli və beynəlxalq bazarlarda ümumilikdə 68.1 min unsiya qızıl və 119.8 min unsiya gümüşün satışı həyata keçirilib. 2022-ci illə müqayisədə ümumi qızıl satışı həcmində 7% artım qeydə alınıb.

Bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov QSC-nin 2023-cü il üzrə fəaliyyətinə dair hesabatın təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ümumi satış həcmindən qızıl üzrə 62.1 min unsiya, gümüş üzrə isə 90.8 min unsiya beynəlxalq bazarlarda realizə edilib.

"Daxili bazarın tələbatına uyğun olaraq, xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29.1 min unsiya gümüşün satışı həyata keçirilib. Beləliklə, 2017-2023-cü illər üzrə ümumi satış (daxili və xarici bazar bir yerdə) göstəriciləri 416 min unsiya qızıl, 853 min unsiya gümüş təşkil edib",- deyə Z. İbrahimov qeyd edib.

Bildirilib ki, hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib. 2022-ci illə müqayisədə ümumi satış gəlirlərində 15% artım qeydə alınıb.

"Bu vəsaitin 210.1 milyon manatını ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda satış gəlirləri isə 81% artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97.9%-i məhz qızılın satışı nəticəsində əldə edilib",- deyə Z.İbrahimov əlavə edib.

Qeyd olunub ki, 2017-2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir isə 1.19 milyard manat olub.