İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Veliev” MMC-nin istehsal etdiyi beton prefabrik məhsulları sənaye parkının digər rezidentləri üçün qurulan istehsal müəssisələrinin inşasında istifadə edilir.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC sədrinin müşaviri Eyruz Musayev deyib.
Onun sözlərinə görə, MMC-nin Ağdam Sənaye Parkındakı beton prefabrik məhsulları zavodu 2022-ci ilin sonu-2023-cü ilin əvvəlindən fəaliyyətə başlayıb. Hazırda zavodun məhsulları sənaye və anbar binalarının tikilməsi üçün istifadə edilir. Sahibkarlar tərəfindən zavodun məhsullarına maraq böyükdür: “Sovetlər dövründən sonra Azərbaycanda beton prefabrik məhsullarının istifadəsi dayandırılıb. Sahibkarlar tikinti zamanı həmin məhsulların əvəzinə dəmirlərdən istifadə edirlər. Lakin o da beton məhsullarına nisbətən baha başa gəlir. Beton prefabrik məhsullarının dəmirdən qat-qat ucuz və keyfiyyətli olması bizim məhsullara olan marağı artırır”.
E.Musayev qeyd edib ki, istehsalı genişləndirməyi nəzərdə tutsalar da, prefabrik məhsullarının istehsalı üzrə mütəxəssislərin olmaması buna mane olur. Hazırda bu problemin həlli üçün yollar axtarılır.
İlhamə İSABALAYEVA