Azərbaycanda yüksək keyfiyyətli hibrid toxum istehsal ediləcək

2024.01.30 10:19 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinin rezidenti "Azera Toxumçuluq" MMC Azərbaycanda yüksək keyfiyyətli (F1) hibrid toxum istehsalına başlamağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin Planlama və təchizat departamentinin direktoru Ramil Zeynalov deyib.

Onun sözlərinə görə, hibrid toxumların istehsalına bu ildən başlamaq nəzərdə tutulur. Hazırda sifarişlər əsasında toxumların təmizlənmə, çeşidlənmə, dərmanlanma və paketlənməsi həyata keçirilir. Bu ildən isə MMC Sabirabadın Sərxanbəyli kəndindəki 1225 hektar ərazisində günəbaxan və qarğıdalının yüksək keyfiyyətli hibrid toxumlarını əkəcək. Daha sonra həmin toxumlar zavodda paketlənəcək. Bu toxumlar ölkənin daxili bazarı üçün nəzərdə tutulsa da, tələbat olduğu təqdirdə Türkiyə, Qazaxıstan, Özbəkistan və s. ölkələrə ixrac ediləcək.

"Azera Toxumçuluq" MMC bu ildən etibarən buğda, arpa, yonca və pambıq toxumlarının növbəli əkinini də həyata keçirəcək.

İlhamə İSABALAYEVA