Ötən il rəqabətin məhdudlaşdırılması üzrə 53 müraciətə baxılıb

2024.01.29 18:18 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqabətin məhdudlaşdırılmasına yol verilməsi və hökmran mövqedən istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini həyata keçirir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmət rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, 2023-cü il ərzində rəqabətin məhdudlaşdırılması üzrə 53 müraciətə baxılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,6 faiz azalma, başqa sözlə, müsbət nəticə deməkdir.

“Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemin səmərəliliyinin artırılmasında azad rəqabətin rolu danılmazdır. Məhz bu amilin təsiri ilə məhsul və xidmətlər üzrə istehlakçılar üçün zəngin seçim imkanı yaranır. Belə ki, elmi-texniki tərəqqinin istehsalata sirayət etməsi innovativ təkliflərin bazara daxil olmasına şərait yaradır. Bununla da, istehsalçılar daha keyfiyyətli və uyğun qiymətə məhsullar təqdim etməklə, digər bazar subyektlərinin fəaliyyətini və rəqabəti stimullaşdırırlar”, - M.Abbasbəyli əlavə edib.