İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin Dövlət İnvestisiya Fondunun rəhbərinin müavini və Beynəlxalq İnvestisiyalar üzrə Baş İdarənin rəisi Turqi Al-Novaizer ilə görüş keçirilib. Görüşdə Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsində reallaşdırılan layihələr, SOCAR-ın və Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti, Azərbaycanın bir neçə ölkə ilə birgə yaratdığı investisiya fondları təcrübəsi və s. haqqında məlumat verilib. Ölkələrimizin müvafiq qurumları arasında səmərəli enerji tərəfdaşlığı qeyd edilib. Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya əməkdaşlığını, o cümlədən Dövlət İnvestisiya Fondu və onun törəmə şirkətləri tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən layihələrdə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər, bununla bağlı yol xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub.
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi International for Investment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl-Dəxil ilə görüşdə Səudiyyə Ərəbistanında həyata keçirilən layihələrdə, o cümlədən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı imkanları qeyd olunub. Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının bu ölkədəki layihələrdə Azərbaycan şirkətlərinin iştirakına dəstəyi, eləcə də ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparıblar.
“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşdə ölkəmizlə dəniz suyunun duzsuzlaşdırılması, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, “yaşıl” hidrogen istehsalı kimi istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.