Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində iştirak edir

2024.01.25 15:53 (UTC+04:00)

Almaniyanın Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə sərgidə şərab, alkoqollu içkilər, qurudulmuş meyvələr, kompot və konservlər, mineral sular, limonadlar, duz, çay və qəhvə, eləcə də qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendində öz məhsullarını nümayiş etdirir. Sərgi ziyarətçilərinə milli mətbəximizin təamları təqdim olunur.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 14-cü dəfə təmsil olunur. Sərgi yanvarın 28-dək davam edəcək.