Elnur Allahverdiyev: “Məqsədimiz məhsullarımızı “Made in Karabakh” adı ilə müxtəlif ölkələrdə təqdim etməkdir”

2024.01.25 12:53 (UTC+04:00)

Artıq 2 ildir ki, Azərbaycan iqtisadiyyatına verdikləri töhfə nəzərə alınaraq, özəl sektorun təmsilçilərinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təsis edilmiş “Dayaq” mükafatı təqdim edilir. “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir.

2023-cü ildə KOBİA fəaliyyəti ilə seçilən 14 biznes subyektinə müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatı təqdim edib ki, onlardan biri də “Qarabağ iqtisadi rayonunda uğurlu biznes” nominasiyası üzrə qalib olmuş “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyevdir.

“Təbii ki, yolumuzun ilk mərhələlərində bizə göstərilən diqqət və dəyər bizim üçün çox önəmlidir. “Dayaq” mükafatını şirkətimizin gələcək inkişafının uğurlu startı kimi qəbul edirik”,- deyən E.Allahverdiyev biznesini hansı səbəblərə görə Qarabağda qurduğunu açıqlayıb: “30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı ordumuz sayəsində azad edildi. Bu torpaqların bərpasına, rifahına və yenidən qurulmasına töhfə vermək hər bir azərbaycanlının arzusudur. İşimizin Ağdam Sənaye Parkında qurulmasının əsas səbəbləri burada yaşayan və doğma torpaqlarına yeni qayıdan vətəndaşların sabit və uzunmüddətli iş yerləri ilə təmin edilməsi, peşəkar səviyyədə praktik bacarıq və təcrübələrin qazanılmasında onlara dəstək olmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı əsasında yaradılan Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parkının rezidentləri olaraq, həyata keçirilən stimullaşdırıcı tədbirləri yüksək qiymətləndiririk”.

E.Allahverdiyev bildirib ki, “BAFCO İnvest”in Ağdam Sənaye Parkında açılacaq yeni fabrikində müxtəlif növ yüksək keyfiyyətli işçi ayaqqabılarının istehsalı nəzərdə tutulub. Zərbəyə davamlı, praktik və rahat, o cümlədən müasir dizayna malik ayaqqabılar təyinata uyğun olaraq fərqli modellərdə istehlakçılara təqdim olunacaq. “BAFCO İnvest”in əsas məqsədlərindən biri istehsal etdiyi məhsullar sayəsində işçi təhlükəsizliyinin təminini daha əlçatan etməkdir: “Təhlükəsizlik bizim çağırışımızdır. Biz, sadəcə, ayaqqabı istehsal etmirik, bir işçinin uğura doğru gedən yolda ən etibarlı şəkildə irəliləməsindən ötəri işimizin ən xırda detalında belə mükəmməl olmağa çalışırıq. İstənilən biznesin uğurlu olmasının sirri öz işinə sevgi və məsuliyyətlə yanaşmaqdan başlayır. İşimizin doğma Qarabağ torpağında qurulması bu iki hissin heç zaman bizi tərk etməyəcəyinin ən etibarlı zəmanətidir”.

E.Allahverdiyev qeyd edib ki, fabrikin açılışı yalnız istehsallarının başlanğıcı deyil, həm də ölkəmizdə bu miqyasda ən yüksək standartlara cavab verən xüsusi işçi ayaqqabılarının istehsal tarixinin başlanğıcı hesab oluna bilər. Sahibkarın sözlərinə görə, məhsullarını “Made in Azerbaijan” və “Made in Karabakh” brendləri altında müxtəlif ölkələrdə müştərilərə təqdim etmək üçün müvafiq istiqamətdə işlər aparırlar. Hazırda təcrübələrini qlobal bazarla bölüşmək, məhsullarını dünya bazarına çıxarmaq, xarici ölkələrlə iqtisadi tərəfdaşlığı gücləndirmək və beynəlxalq səviyyəyə yüksəlmək üçün çalışırlar. Həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan müştərilərini yüksək keyfiyyətli və uyğun qiymətə olan məhsullarla təmin etməyi nəzərdə tuturlar: “Gələcəkdə müştərilərimiz üçün portfelimizi genişləndirməyi planlaşdırırıq. Komandamız müştərilərimizin gözləntilərini üstələyəcək məhsullar yaratmaq üçün daim çalışır. Fəaliyyət coğrafiyamızı da genişləndirməyi planlaşdırırıq. Gələcək məqsədimiz məhsullarımızı “Made in Karabakh” adı ilə müxtəlif ölkələrdə müştərilərə təqdim edərək Azərbaycan məhsulunun keyfiyyətini dünya bazarına tanıtmaqdır. Yeniliklərimizin və keyfiyyətimizin sənaye üçün bir nümunə olacağına inanırıq və buna doğru qətiyyətlə irəliləyirik”.

İlhamə İSABALAYEVA