COP29 Azərbaycanın turizm potensialının nümayişi üçün yaxşı imkanlar yaradacaq

2024.01.25 11:46 (UTC+04:00)

Yaxın 3 il ərzində hər il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım proqnozlaşdırılır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, noyabrda keçiriləcək COP29 tədbiri ilə əlaqədar ölkəyə gələn qonaqların sayında artım gözlənilir: “Başqa ölkələrin təcrübəsi göstərir ki, COP tədbirinə 2 həftə ərzində 70-80 min nəfər iştirakçı gəlir. Bu tədbirdən sonra da ölkəyə gələcək qonaqların sayında artımın olacağı gözlənilir. COP29 bizə Azərbaycanın turizm potensialını nümayiş etdirə bilmək baxımından yaxşı imkan yaradacaq. Biz bu imkandan istifadə etməliyik”.

G.Qəhrəmanov əlavə edib ki, pandemiyadan sonra turizm sahəsində göstəricilər yüksəlir. 2021-2023-cü illərdə Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilib. 2023-cü ildə Azərbaycana 2 milyon nəfər turist səfər edib. Bunu çox yaxşı göstərici sayan ATAA sədri əsas qonaqların Türkiyə, Rusiya, Avropa və ərəb ölkələrindən gəldiyini, turistlərin sayının artırılması üçün Dövlət Turizm Agentliyi ilə birlikdə sərgilərdə iştirak etdiklərini söyləyib.

İlhamə İSABALAYEVA