Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə bir sıra vergi güzəşti tətbiq ediləcək. Bunlardan biri də əlavə dəyər vergisi ilə bağlıdır. Bununla bağlı Vergi Məcəlləsinə 164.1.51-1-ci maddə əlavə edilib.
Digər yenilik isə gəlir vergisinin hesablanması ilə bağlıdır. Vergi Məcəlləsinə əlavə olunan 174.5-ci maddəyə əsasən, tibbi müəssisələrin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Misal: “BB” MMC tibb müəssisəsinin aylıq cəmi vergiyə cəlb edilən dövriyyəsi 480.000 manat olub. Dövriyyənin 120.000 manatı POS-terminal vasitəsilə əldə edilib. Müəssisənin aylıq əvəzləşdirə biləcəyi ƏDV isə 25.200 manatdır.
ƏDV-yə cəlb edilməli əməliyyat:
120.000 x 50% = 60.000 manat;
480.000 – 60.000 = 420.000 manat;
420.000 x 18% =75.600 manat.
Əvəzləşdirilən ƏDV məbləği - 25.200 manat.
Büdcəyə ödəniləcək ƏDV məbləği: 75.600 – 25.200 = 50.400 manat.
Misaldan da görə bilirik ki, POS-terminal vasitəsilə əldə edilən 120.000 manatın 50% -lik hissəsi ƏDV-yə cəlb edilmədi. Yəni şəxs 60.000 x 18% = 10.800 manat ƏDV ödəməyəcək.
Vergi Məcəlləsinin 102.1.41 və 106.1.34-cü maddələrinə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər də mənfəət (gəlir) vergisinə cəlb edilməyəcək.