Yeni qeydiyyatdan keçmiş (vergi uçotuna alınmış), habelə fəaliyyəti bərpa olunmuş, vergilər üzrə tədiyyə növlərində dəyişiklik baş vermiş vergi ödəyiciləri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində keçirilmiş görüşlərdə iştirakçılara vergitutma məqsədləri üçün uçotun aparılması, mükəlləfiyyətlər üzrə bəyannamələrin təqdim olunması, vergi öhdəlikləri və onların qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi barədə məlumat verilib, "Nağdsız hesablaşmalar haqqında" Qanunun və "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın tələbləri izah olunub.
Görüşlərdə əvvəlki hesabat dövrləri ərzində müvafiq bəyannamələri təqdim etməmiş, gecikmə ilə və ya eyni uyğunsuzluqları yenidən təkrarlamaqla təqdim etmiş vergi ödəyiciləri də iştirak ediblər. Onlara bəyannamələrin təqdim olunması və vergilərin vaxtında hesablanması üzrə vergi ödəyicilərinin vəzifələri və bu vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə, vergi ödəyicilərinə tətbiq edilən məsuliyyət tədbirləri barədə məlumat verilib. İnteraktiv şəkildə keçən tədbirlər zamanı müvafiq strukturların vəzifəli şəxsləri vergi ödəyicilərini maraqlandıran sualları cavablandırıblar.