Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

2024.01.23 15:27 (UTC+04:00)

2023-cü il ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilə nisbətdə 15,3 faiz artaraq 1 515 981,5 min ABŞ dolları təşkil edib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Gürcüstan Milli Statistika İdarəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Gürcüstandan Azərbaycana 862 070,1 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisini 28,2 faiz üstələyir.

Hesabat ilində Azərbaycandan Gürcüstana idxal isə 2,1 faiz artaraq 653 911,3 min dollar olub. Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanla ticarətin payı 7 faiz təşkil edib.

2023-cü il üzrə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 68,5 faiz təşkil edib. Azərbaycan bu siyahıda Türkiyə (2 979 305,7 min dollar), Rusiya (2 401 513,4 min dollar), ABŞ (2 046 288,9 min dollar) və Çindən (1 639 615,8 min dollar) sonra beşinci yerdə qərarlaşıb.