SKSP-nin rezidenti Gürcüstanda layihə icrasında iştirak edəcək

2024.01.23 14:31 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Archi Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilk dəfə olaraq ölkə xaricində - Gürcüstanda layihə icrasında iştirak edəcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şüşə emalı zavodu “Archi Glass” MMC-nin direktoru Murad Aslanov deyib.

Onun sözlərinə görə, “Archi Glass” Gürcüstanda dənizkənarı ərazidə böyük bir layihənin icrasında iştirak edəcək: “Orada bir neçə sanotoriya tipli bina tikiləcək. Şüşələr hazır vəziyyətdə Gürcüstana aparılacaq və orada salınacaq. Artıq bununla bağlı görüşlər keçirilib”.

Qeyd edək ki, “Archi Glass” MMC-də İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatlar istehsal edilir. Müəssisə şüşələri emal edərək onları mürəkkəb və adi şüşədən daha möhkəm formaya salır. Bu şüşələr şüşə konstruksiyalı yaşayış və qeyri-yaşayış binalarında istifadə edilir.

İlhamə İSABALAYEVA