Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb. Bununla bağlı Aqrar Sığorta Fondunun İdarə Heyəti qərar qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yeni qərara əsasən, heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17 faiz və 8,19 faiz müəyyən edilib.
Xatırladaq ki, indiyədək bu tariflər müvafiq olaraq 6,1 faiz və 9,5 faiz həddində olub. Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyədək qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib.
Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı daha da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır. Qeyd edək ki, 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.