59 çoxmənzilli yaşayış kompleksinin istismarına icazə verilib

2019.07.02 15:57 (UTC+04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 59 çoxmənzilli yaşayış kompleksinin istismarına icazələr verilib. Bu barədə komitənin sədri Samir Nuriyev məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanına uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 59 layihəni təsdiq edib: "Bu isə 11 mindən artıq ailəni mənzillə təmin etmək deməkdir. Yəni 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa, 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən 1 həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir".

S.Nuriyevin sözlərinə görə, ilin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq: "Amma onu da diqqətə çatdırım ki, müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik".