Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;
- telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;
- yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;
- idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;
- digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.