İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) insan resurslarının inkişafı məqsədilə yeni layihələrin tətbiqi istiqamətində işləri davam etdirir. Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması siyasətinə, inkişaf və motivasiyaya söykənən və gələcəyə baxış konseptinə əsaslanan yeni layihələrdən biri də əməkdaşların təlim ehtiyaclarının fasiləsiz təmin olunması məqsədilə yaradılmış virtual təlim platforması - Fərdi İnkişaf Portalıdır. Beynəlxalq təcrübəni nəzərə almaqla ərsəyə gətirilmiş bu platforma DVX əməkdaşlarının fərdi inkişaf təcrübəsini zənginləşdirməyə imkan verir.
Dövlət strukturları arasında müasir tələbləri özündə tam peşəkarlıqla əks etdirən E-təlim platforması bu formatda ilk dəfə tətbiq olunur. Platformanın yaradılmasını şərtləndirən səbəblərdən biri də təlim-tədris istiqamətində özünüöyrətmə mədəniyyəti formalaşdırmaqdır. Portal əməkdaşların təlim ehtiyaclarını təmin etməklə yanaşı, vaxtın idarəedilməsi imkanlarına malikdir, ənənəvi təlim və kurslardan fərqli olaraq, işçilərin vaxt itkisini minimallaşdıran rəqəmsal həllə söykənir.
Portalın mobil əlavəsi də hazırlanıb. Bu tətbiq mobil telefonlar vasitəsilə vergi işçilərinə istənilən yerdə və istənilən saatda təlimlərə qoşulmaq imkanı yaradır. Platformanın əsas üstünlüyü isə təlim materiallarının əməkdaşlar üçün daim əlçatan olmasıdır.
E-təlim platforması daha çox elektron təlimlərə fokuslansa da, hibrid tədrisi də dəstəkləyir. Təlimin müddəti, əhatə olunan mövzular funksional istiqamətlərə, təlimə cəlb ediləcək əməkdaşın iş stajı, işlədiyi sahə, gördüyü işin mahiyyəti və s. amillərə əsasən dəyişir. Müddət əməkdaşların iş yükünün həcminə və istiqamətlərə uyğun qaydada müəyyən edilir. E-təlim platformasından istifadə icbarilik və könüllülük əsasında həyata keçiriləcək. Kursları bitirən əməkdaşlar bununla bağlı sertifikat əldə edəcəklər.
“İnkişaf et, hədəfinə çat!” çağırışına söykənən Fərdi İnkişaf Portalı əməkdaşların iş vaxtına qənaət etməsini, təlim vaxtını sərbəst seçməsini, fərdi öyrənmənin üstünlüklərini təmin edəcək. Təlim alətləri isə tədrisin keyfiyyətinin artmasına, özünüinkişafı stimullaşmağa, vaxt planlamasının optimallaşdırılmasına imkan verəcək, xərclərin və sərf olunan əməyin azalmasına, təhsili fərdiləşdirmək yolu ilə bilik və bacarıqların inkişafına səbəb olacaq.