Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqli artıb

2024.01.19 13:39 (UTC+04:00)

2023-cü il ərzində magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da bir il öncəki eyni göstəricini 5,2 faiz üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqletmənin 75,9 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb. Bu, 2022-ci ilin göstəricisindən 1,5 faiz çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 82,6 faizini və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4 faizini və ya 5 240,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.