Ötən il buğda yığımında artım qeydə alınıb

2024.01.19 12:45 (UTC+04:00)

2023-cü ildə ölkə üzrə əkin sahələrindən 1 833,8 min ton buğda yığılıb ki, bu da 2022-ci ilin göstəricisini 5,6 faiz və ya 97,8 min ton üstələyir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat ilində buğda yığımında məhsuldarlıq 33,8 sentner təşkil edib. Bu, 2022-ci ilin göstəricisindən 5,9 faiz və ya 1,9 sentner çoxdur.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə 2023-cü il ərzində ölkəyə 303,98 milyon ABŞ dolları dəyərində 1,17 milyon tondan çox buğda idxal edilib. 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,4 faiz, həcmi isə 9,1 faiz azalıb.

Qeyd edək ki, ötən il ərzində buğda idxalı ölkənin ümumi idxalının 1,76 faizinə bərabər olub ki, bu da ötən ilin eyni göstəricisindən 1,24 faiz bəndi azdır.