Rusiyanın 2016-cı ildə Türkiyədən idxal edilən kürklər üçün başladığı "nişanlama" 2019-cu ildən ayaqqabı, tekstil, tütün və dərman sektoruna aid məhsullara da şamil ediləcək. Türkiyənin Ticarət Nazirliyindən ixracatçı birliklərə göndərilmiş yazılı məlumatda xatırladılmışdır ki, 2016-cı ilin iyul ayında Rusiyanın kürk məhsulları üçün nişanlama tətbiq etməsi pilot təşəbbüs kimi başladılmışdı.
Nişanlamanın tətbiqi ilə Rusiyada bir il ərzində qanuni şəkildə ixrac edilən kürklərin dəfələrlə artdığı bildirilmişdir. Rusiyada 2015-ci ildə 300 min kürk satıldığı halda, nişanlamanın tətbiqindən sonra - 2017-ci ildə bu rəqəmin 2 milyona çatdığı vurğulanmışdır.
Yazılı məlumatda nişanlamanın tətbiq olunmasında əsas hədəfin Rusiyanın qanuni və keyfiyyətli malları satın ala bilməsi, insan sağlamlığının və istehlakçı hüquqlarının qorunması, "ağ bazarın" böyüməsi, rəqabətliliyin artması, maliyyənin optimallaşması, loqistik zəncir boyunca malların izlənilməsi, "boz bazarın" daraldılması ilə məhsuldarlığın yüksəldilməsi, gömrük və vergi gəlirlərində artımın təmin edilməsi ilə bazara nəzarətin gücləndirilməsi olduğu bildirilmişdir. Yeni qayda çərçivəsində Rusiyanın idxal etdiyi malların üzərindəki etiketdə malın harada istehsal edildiyi, ölkəyə hansı yollardan gətirildiyi kimi məlumatlar verilir. Üzərində nişan olmayan malların isə ölkəyə gətirilməsinə icazə verilmir.
Türkiyənin Ege əyalətinin Dəri və Dəri Məmulatları İxaracatçıları Birliyinin İdarə Heyətinin sədri Erkan Zandar Türkiyənin bu sektor üzrə ən mühüm bazarlarından birinin Rusiya olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, Rusiya 2024-cü ilə qədər nişanlamanı ixrac olunan bütün mallara tətbiq etmək niyyətindədir: "Nişanlar (etiketlər) məhsulu idxal edəcək Rusiya firması tərəfindən göndəriləcək. Bu etket məhsulun qutusuna və ya üzərinə yapışdırılacaq. Bununla da ölkədən rəsmi qaydada göndərilən məhsullar avtomatik şəkildə qeydiyyatdan keçirilmiş olacaq. Ona görə də nişanlamanın tətbiqi qeydiyyatdankənar ixracatı azaldaraq Türkiyə ixracatının inkişafına müsbət təsir göstərəcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişiklik və əlavələrlə də idxal mallarının nişanlanması ilə bağlı müvafiq müddəalar nəzərdə tutulmuşdur.