Vergi Məcəlləsində vergi ödəyicilərinə verilmiş hüquqlardan biri də artıq ödənilmiş və ya tutulmuş vergi məbləğlərinin geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməkdir. Bu hüquq yarandığı halda, vergi ödəyicisi dərhal müvafiq vergi orqanına ərizə ilə müraciət etməklə artıq ödənilmiş vəsaitləri geri qaytara bilər. Məsələn, vergi ödəyicisi cari hesabatda səhv edib və nəticədə onun hesabından pul silinib. Dəqiqləşmiş hesabat verildikdə məlum olub ki, artıq ödəmə yaranıb. Bu halda vergi ödəyicisi artıq ödənilmiş vəsaiti geri almaq üçün nə etməlidir?
Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov "Vergilər.az" saytının "Rəsmi cavab" rubrikasında bu suala aydınlıq gətirərək qeyd edib ki, vergi ödəyicisinin səhvi ucbatından belə hallar baş verdikdə artıq ödənilmiş vəsaitin geri qaytarılması prosesi Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə əsaslanmalıdır. Həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən ərizə ilə vergi orqanlarına müraciət olunur və həmin vəsaitin qaytarılması 45 gün ərzində həyata keçirilir. Bundan başqa, artıq ödənilmiş vəsait vergi ödəyicisinin öz istəyi ilə növbəti vergi öhdəliklərinin hesabına aid edilə bilər: "Burada bir məqamı nəzərə çatdırmaq lazımdır ki, Vergi Məcəlləsinin 179-cu maddəsində, digər vergilərdən fərqli olaraq, əlavə dəyər vergisində (ƏDV) yaranmış artıq vəsaitlərin qaytarılması ilə bağlı xüsusi norma nəzərdə tutulub. Bu norma ondan ibarətdir ki, əgər ödəyicinin dövriyyəsinin 50 faizdən çoxu vergiyə sıfır dərəcə ilə cəlb olunursa, bu halda ƏDV-dən yaranmış əlavə ödəmə vergi ödəyicisinin ərizəsi təqdim edildiyi tarixdən 20 gün ərzində, digər hallarda isə ərizə təqdim olunduğu tarixdən 4 ay ərzində qaytarılır".