Ötən il 139 yeni dövlət standartı qəbul edilib

2024.01.18 11:19 (UTC+04:00)

2023-cü ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 139 yeni dövlət standartı qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2023-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. O əlavə edib ki, bu, ötən ilin göstəricisi ilə müqayisədə iki dəfədən çox artım deməkdir.

Bildirilib ki, hesabat dövründə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğu qiymətləndirən 85 qurumu akkreditasiya edib. Azərbaycan Metrologiya İnstitutu isə ölkəyə idxal olunan 1000-dən çox ölçmə vasitəsinin tipə uyğunluğunu tanıyıb və onlara dair məlumatlar dövlət reyestrinə daxil edilib: “Sahibkarlıq subyektlərinə Dövlət Xidməti tərəfindən 72 min 554 mənşə sertifikatı verilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur”.