Bir sıra Qərb ölkələrində buna bənzər layihələrin olduğunu deyən MMC-nin direktoru Naib Əhmədzadə bildirib ki, dünyada sırf onların yaratmaq istədikləri kimi layihə yoxdur. Təxminən 2 aya hazır olacaq bu platforma qida zəncirinin bütün üzvlərini bir araya toplayacaq və burada təxminən 6-7 adda xidmət təqdim ediləcək: “Bu platforma imkan verəcək ki, biz məhsulu 2-ci əldən deyil, 1-ci əldən alaq. Fermerlər öz məhsullarını vasitəçilərsiz, təqdim edəcəyimiz platforma vasitəsilə birbaşa olaraq hotellərə, restoranlara, böyük holdinqlərə sata biləcəklər”.
N.Əhmədzadə əlavə edib ki, istifadəçilər platforma vasitəsilə qida məhsullarının qiymətlərini analiz edə biləcəklər: “İstifadəçilər evdən marketlərdəki məhsulların qiymətlərinin analizlərini apara biləcəklər. Platforma istehlakçılara fərdi aylıq siyahı yaratmaq imkanı verir və onlar bu siyahı əsasında aylıq qida büdcəsi yaratmaq imkanı əldə edə biləcəklər. Vətəndaş öz büdcəsini və istehlak etmək istədiyi qidaların adlarını qeyd etdikdən sonra platforma həmin büdcəyə uyğun reseptlər təqdim edir və müvafiq qiymət büdcəsi çıxarır, bununla yanaşı, yaxınlıqdakı hansı marketlərdən məhsul ala biləcəyinə kömək edir”.
Startapçı qeyd edib ki, qida sahəsi ilə əlaqəli olan insanlar platformada hesablarını yaradıb xidmətlərini sata, istifadəçilər isə bu xidmətlərdən yararlana bilərlər: "Məsələn, Qurban bayramında insanlar heyvan kəsdirib onu aztəminatlı ailələrə paylamaq istəyirlər. Bizim platforma bu məsələdə də yardımçı ola bilər. Bunun üçün aztəminatlı şəxslər bizim platformada qeydiyyatdan keçməklə qurban kəsənlə əlaqə qurmaq imkanı əldə edə biləcəklər”.
N.Əhmədzadə bildirib ki, platforma qida israfının aradan qaldırılması məqsədilə həll yolları təqdim etməyi nəzərdə tutur. Bunun üçün istifadəçilərə "food banking" sistemi təqdim ediləcək: "Hər birimiz şahidik ki, toylardan sonra nə qədər qida tullantıları yaranır. Restoranlar istifadə edilməyən həmin qidaları ehtiyacı olan şəxslərə ucuz qiymətlərə sata biləcəklər".
İlhamə İSABALAYEVA