Salvator Santajelo: “Azərbaycan günəş enerjisi baxımından böyük potensiala malikdir”

2024.01.18 10:40 (UTC+04:00)

“Azərbaycan enerjinin şaxələndirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə əhəmiyyətli investisiyalar qoyur. Son illər ərzində ölkə tərəfindən maliyyələşdirilən günəş və külək enerjisi layihələri bunu sübut edir”. Bu sözləri beynəlxalq münasibətlər üzrə italiyalı ekspert Salvator Santajelo “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında deyib.

“Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarı müasir reallıqların bariz nümunəsidir. Ölkədə olan qalıq yanacağın böyük ehtiyatlarına və Avropa İttifaqının enerji təhlükəsizliyində xüsusi roluna görə Azərbaycan çox vaxt neft-qaz dövləti kimi tanınır”, - o qeyd edib. Ekspertin sözlərinə görə, bununla belə, ölkədə enerj sahəsində həyata keçirilən layihələrə irihəcmli sərmayə yatırılır: “Bu addımlar əsrin ortalarına yaxın təmiz enerji iqtisadiyyatı qurmağı hədəfləyir. Yaşıl inkişaf göstəricilərinin ilk seriyası 2016-cı ildə hazırlanıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi ölkənin həm orta, həm də uzunmüddətli strategiyalarında və fəaliyyət planlarında “yaşıl keçid” mühüm yer tutur”.

Ekspertin fikrincə, BMT Azərbaycan nümunəsini təqdim etməklə göstərmək istəyir ki, hətta böyük neft və qaz potensialına sahib dövlətlər də öz iqtisadiyyatlarını və sənayelərini yaşıllaşdıra bilərlər: “Günəş enerjisi baxımından böyük potensiala malik olan Azərbaycanda layihələrin inkişaf etdirilməsinə daha çox investor maraq göstərəcək. Bu addımlar Azərbaycanın “yaşıl keçid”ə hədəflənən yolunu xeyli sürətləndirəcək”.

Tamilla MƏMMƏDOVA