Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” adlı layihəyə start verilib.
KOBİA-nın məlumatına əsasən, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri və layihə barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin məqsədi qadın sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Layihədə müxtəlif sektorları təmsil edən 70-ə yaxın qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. “Azestetik Group” və “Elegant-S” MMC də layihənin tərəfdaşları sırasındadır. Layihə martın 7-də başa çatacaq.