“Azərbaycan yaşıl enerjiyə keçidə sadiqliyini nümayiş etdirir”. Bunu əlcəzairli iqtisadçı ekspert, Ərəb-Afrika İnvestisiya və İnkişaf Mərkəzinin (CAAID) prezidenti Amin Butalbi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinə münasibət bildirərkən deyib. “Azərbaycan neft iqtisadiyyatlı ölkə olaraq təbiət və iqlim problemləri məsələsində həmişə diqqətli olub. Bu, xüsusilə vacibdir, çünki ölkə böyük kənd təsərrüfatı potensialına malikdir və “yaşıl iqtisadiyyat”a daxil olmaq istəyir”, - o bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan innovativ və unikal inkişafa nail olmaq üçün yaşıl enerjiyə keçid və “yaşıl iqtisadiyyat”ı prioritet istiqamət kimi müəyyən edib: “Hazırda Azərbaycan Qafqaz və Asiya ölkələri arasında önəmli mövqe tutur, eyni zamanda ölkəniz Asiya ilə Avropanı birləşdirən halqadır. Qarşıdan gələn sammit zamanı bir sıra mühüm qərarların qəbul ediləcəyini gözləyirik. Dubayda keçirilən COP28 sammitində qlobal qalıq yanacaq istehlakının azaldılmasının başlanğıcını ehtiva edən tarixi razılaşma əldə edildi”.
İqtisadçı qeyd edib ki, Fransa, İndoneziya, Misirdə keçirilən əvvəlki görüşlərdə də qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün qalıq yanacaqlardan istifadənin azaldılmasının vacibliyi vurğulanıb.
Tamilla MƏMMƏDOVA