Azərbaycanda yeni adda tibbi plastik məhsullar istehsal olunacaq

2024.01.15 11:49 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkının rezidenti "Diamed Co" MMC yeni adda tibbi plastik məhsulların istehsalına başlayacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Diamed Co" MMC-nin direktoru Samirə Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq, sınaq şüşələri, vakuumlu qan tüpləri, pipet ucluqları və s. laborator materiallar istehsal ediləcək. Zavod istehsala bu ilin 3-cü rübündən başlayacaq. Bu məhsulların illik istehsal gücü təqribən 10 milyon ədəd olacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də ixrac olunacaq.

S.Hüseynova deyib ki, bazar araşdırması nəticəsində bəzi ölkələrdə belə məhsullara tələbatın olduğu müəyyən edilib: “Bu tip məhsullar, əsasən, yaxın ölkələrə ixrac üçün əlverişlidir. Çəkidə yüngül, həcmdə iri olduğu üçün onların uzaq məsafələrə daşınması böyük məbləğdə xərc tələb edir. Ona görə də ilk olaraq ətraf ölkələrə - Rusiya və Qazaxıstana, eyni zamanda, Gürcüstana ixrac etməyi düşünürük. İran da bu məhsullara tələbatının olduğunu bildirib”.

S.Hüseynova bildirib ki, bir çox ölkələr bu məhsulları ya Avropadan çox baha qiymətə, ya da uzaq Asiyadan – Çin və Hindistandan idxal edir: “Bu gün dənizlə yüklərin daşınmasında müəyyən çətinliklər var. Yükdaşıma daha çox yük dəmiryolunun üzərinə düşür. Amma bu halda da daşınmanın müddəti uzanır, sıxlıq yaranır. Bir çox ölkələr bu vəziyyətdən yorulduğu üçün yaxın ölkələrdən mal almaq istəyirlər”.

S.Hüseynova yeni məhsulların istehsalı üçün həm yerli xammaldan, həm də idxal materiallarından istifadə olunacağını açıqlayıb.

MMC direktoru hesab edir ki, istehsal edəcəkləri məhsullar qiymət baxımından rəqabətədavamlı olacaq. Məhsullar Avropa keyfiyyətində hazırlanacağından xarici ölkələrdə onlara ciddi tələbat olacaq.

İlhamə İSABALAYEVA