COP29-un təşkili və keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

2024.01.13 13:47 (UTC+04:00)

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsi təmin edilməlidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin olunub.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, daxili işlər naziri Vilayət Eyvazov, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Teymur Musayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədov, energetika naziri Pərviz Şahbazov, maliyyə naziri Samir Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev və “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Rzayev Təşkilat Komitəsinin üzvləri təyin ediliblər.

Təşkilat Komitəsinə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19 cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirmək tapşırılıb. Təşkilat Komitəsi, həmçinin əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir.

Nazirlər Kabineti nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməli və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.

AZƏRTAC