Çinin Sian şəhərindən yola salınan 2024-cü ilin ilk konteyner blok qatarı Azərbaycana çatıb və artıq Bakı limanındadır.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “ADY Konteyner” MMC-nin məlumatına istinadən xəbər verir ki, konteynerlər çox qısa müddətə, cəmi 11 günə ölkəyə çatdırılıb. Yüklər Qazaxıstanın Aktau limanından Ələt limanına Qazaxıstanın “Berkut” fider gəmisi vasitəsilə gətirilib.
Qatar 55 konteynerdən ibarətdir. Hər biri 40 futluq olan konteynerlərdə ölkəmizə elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb.
Konteynerlər Abşeron Logistika Mərkəzində sifarişçilərə təhvil veriləcək. Yaxın günlərdə Siandan Bakıya daha bir konteyner blok qatarı yola salınacaq.