Azərbaycan şirkəti Estoniyada bazar araşdırmalarına başlayıb

2024.01.10 14:30 (UTC+04:00)

Azərbaycanın “Wasco Lab” MMC Estoniyada tullantıların ağıllı yolla idarə olunması sisteminin qurulması üçün bazar araşdırmalarına başlayıb.

Bunu MMC-nin təsisçisi və direktoru, startapçı Tural Zəkəryazadə deyib. Onun sözlərinə görə, şirkət öz təşəbbüsü ilə Estoniyanın Tallin şəhərində İoT cihazlar vasitəsilə tullantıların ağıllı yola idarə olunması sistemini tətbiq etməyə çalışır. “Wasco Lab” MMC bunun üçün Estoniyada tərəfdaş şirkət axtarır.

T.Zəkəryazadə bildirib ki, Azərbaycan şirkətinin yaratdığı bu ağıllı sistem hazırda Bəhreyn, Nigeriya və Livanda uğurla tətbiq edilir. Layihə 2 milyon ABŞ dolları dəyərləndirməsi ilə 150 000 dollar məbləğində xarici investisiya cəlb edib. Şirkət bu il həmin sistem ilə Avropa bazarına daxil olmağı özü üçün hədəf seçib.

Şirkət direktoru qeyd edib ki, hazırda Azərbaycanda 200-ə yaxın konteynerə qoşulmuş cihazları var. Bu cihazlar “Wasco Lab” MMC-nin tərəfdaş şirkəti tərəfindən Azərbaycanda istehsal edilir. Şirkət tullantıların ağıllı yolla idarə olunması üçün tullantıların toplanılması ilə məşğul olan dövlət təşkilatları və bələdiyyələrlə əməkdaşlıq edir. Əsas hədəflərdən biri də hotel və iaşə obyektlərində tullantıların ağıllı yolla idarə olunması sisteminin tətbiqinə nail olmaqdır.

Qeyd edək ki, “Wasco Lab” MMC İoT cihazlar vasitəsilə tullantıların ağıllı yolla toplanması, emalı və idarə olunması sistemini hazırlayıb. Proqramlaşdırılmış xüsusi cihazlar tullantı qablarına yerləşdirilir və onun vasitəsilə tullantı qablarının nə zaman, hansı həcmdə dolduğu, içərisində hansı növ zibillərin olduğu, konteynerin daxilində temperaturun səviyyəsi, konteynerin yerləşdiyi ərazi və s. kimi məlumatlar mərkəzi sistemdə toplanılır.

“Wasco Lab”ın ağıllı sistemindən istifadə edən şirkətlər logistik xərclərinə 50%-ə qədər qənaət edə, eyni zamanda zibil maşınlarından emissiya olunan CO2 miqdarını 45%-ə qədər azalda bilərlər.