Bu zaman əməkhaqqından tutulmaları da Fond maliyyələşdirəcək. Həmin tutulmalara əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı daxildir.
Proqramda son bir ildə fəaliyyətdə olan və müraciət tarixinə qədər yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən), işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən, eləcə də Vakansiya Bankına müvafiq məlumatları təqdim edən, kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan sahibkarlar iştirak edə bilərlər.
Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə müəssisəsindən azad edilmiş və bir ildən artıq işsiz kimi qeydiyyatda olan vətəndaşlara üstünlük verilir. Əmək haqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Məşğulluq" altsistemində Vakansiya Bankına təqdim edilməlidir. İki ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülən işçilərin əməkhaqqının 50 faizinin maliyyələşdirilməsi, işin xüsusiyyətindən asılı olaraq, 3, 6, 9 ay və yaxud 1 il müddətində razılaşmaya uyğun həyata keçirilir.
Proqramda iştirak etmək istəyən işəgötürənlər Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər.