Fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabat dərc edilib

2024.01.08 15:42 (UTC+04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabatı (https://u.to/plo6IA) dərc edilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hesabatın məqsədi ölkə üzrə fındıq dəyər zəncirində yaranan qalıqların bioenerjiyə çevrilmə imkanlarının dəyərləndirilməsidir. Hesabatda bioenerjiyə yararlı fındıq qalıqlarının həcmi qiymətləndirilərək müəyyən edilmiş texnologiyaların tətbiqi üçün tələb olunan investisiyalar hesablanıb və istixana qazı emissiyalarının azaldılması yolları təqdim edilib.

Qeyd edək ki, “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi - HAZER” layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 1 iyun 2020-ci il tarixindən etibarən FAO ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilir və Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə idarə edilir.

“HAZER” layihəsinin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün fermerlərə Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrini (GAP) tətbiq etmək imkanı yaratmaqdır. Hesabat hökumət tərəfindən maliyyələşdirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində hazırlanıb.