Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Ötən illərdə olduğu kimi, bu dəfə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas hədəf istiqamətləri sahibkarlıq fəaliyyəti subyektlərinin vergi yükünün optimallaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri biznes subyektlərinə nümayəndəlik, mənzil və yemək xərclərinin norma daxilində gəlirdən çıxılması imkanının yaradılması ilə bağlıdır.
Məlum olduğu kimi, mövcud qanunvericiliyə görə, biznes subyektləri tərəfindən işçilərin mənzil, yemək və digər sosial xarakterli, eləcə də nümayəndəlik xərclərinin çəkilməsi gəlirdən çıxılan xərclərə aid edilmir və müasir biznesin ayrılmaz elementləri olan bu məsrəflər biznesin xalis mənfəəti hesabına maliyyələşdirilir.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə işəgötürənin işçilərlə bağlı çəkdiyi mənzil və yemək xərclərinin, habelə nümayəndəlik xərclərinin norma daxilində gəlirdən çıxılması müəyyən edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin “Nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası”nı müəyyən edən qərar layihəsi də hazırlanıb.
Dəyişiklik biznes subyektlərinin bu növ xərclərinin rəsmiləşdirilməsi ilə qarşı tərəflərin (mənzil kirayəyə verən şəxslərin, ictimai-iaşə müəssisələrinin və s.) dövriyyələrinin “ağarmasına”, həmçinin formalaşmış biznes təcrübəsini milli qanunvericiliyə gətirməklə əlverişli mühitin yaradılmasına töhfə verəcək.