Avropa İttifaqı (Aİ) Komissiyası Argentina, Braziliya, Paraqvay və Uruqvayın üzv olduqları Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) ilə 2000-ci ildən bəri davam edən ticarət sazişi ilə bağlı danışıqlarda razılıq əldə olunduğunu bəyan edib. Razılığa əsasən, Aİ ilə MERCOSUR ölkələri arasında mal və məhsulların ticarətində tətbiq olunan gömrük vergilərinin böyük hissəsi ləğv ediləcək. Aİ ölkələrinin avtomobil, maşınqayırma, kimya və tibb məhsullarına MERCOSUR tərəfindən tətbiq edilən gömrük vergisinin həcmi azaldılacaq. Bundan əlavə, Aİ ilə MERCOSUR ölkələri müxtəlif kənd təsərrüfatı məhsullarına görə tutulan yüksək gömrük vergisi dərəcələrini də aşağı salacaq. Ticarət sazişi qüvvəyə mindikdən sonra MERCOSUR ölkələri Aİ ölkələrinə ət, toyuq və şəkər kimi məhsulları daha asan sata biləcək. Qeyd edək ki, hazırda Aİ təxminən 280 milyon əhalisi olan MERCOSUR ölkələrinə hər il təxminən 45 milyard dollara dəyərində ixracat həyata keçirir.