Uşaqlara ürək dolu sevinc payı VİDEO

2023.12.30 11:49 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Bakı şəhərində yerləşən sığınacaqlardakı uşaqları təbrik edib.

Dövlət Vergi Xidmətinin əməkdaşları “Ümid yeri” uşaq sığınacağı, “Təmiz dünya” İctimai Birliyinin qadınlar və uşaqlar üçün sığınacağı və Azərbaycan Uşaqlar Birliyinin “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi”ndə olub, burada qalan kiçik yaşlı uşaqlar üçün bayram tədbirləri keçirilib.

Uşaqların maraqlı gün keçirməsi üçün əyləncəli proqramlar bir-birini əvəzləyib. “Şaxta baba”nın iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar birlikdə rəqs edib, oyunlar oynayıb, maraqlı, xoş təəssüratlarla yaddaqalan bir gün keçiriblər. Sonda Dövlət Vergi Xidmətinin kollektivi adından uşaqlara hədiyyələr verilib, sığınacaqlar bir aylıq ərzaqla təmin olunub.

Dövlət Vergi Xidməti sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Tədbirin təşkilində məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.