Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

2023.12.30 10:48 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 123-ə çatıb.

“Startap” şəhadətnamələri "Qarabug" MMC-nin rəqəmsal infrastrukturun təhlükəsizlik testləri xidməti, "UNİNTURKEY" MMC-nin universitetlərə qəbul üçün onlayn vasitəçi xidməti, "Metprof" MMC-nin innovativ reduktorla təchiz edilmiş pambıq yükləyicilərinin istehsalı, "Alfa Hospitality" MMC-nin qidalanma prosesini optimallaşdıran platforma və mobil tətbiq, "Trendbazar" MMC-nin onlayn ticarət platforması (marketpleys) layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi