Mövcud qanunvericiliyə və normativ tənzimləməyə müvafiq olaraq, təsdiqlənmiş istehsalat təqviminə əsasən, ölkə üzrə gündəlik normal iş saatı 8 saat hesab edilir. Mövzu çərçivəsində gündəlik normal iş saatından istisna tətbiq olunan şəxsləri aşağıdakı kimi təqdim etmək mümkündür:
- 6 günlük iş rejimində həftəlik 40 saat çalışanlar üçün gündəlik iş vaxtı 7 saat, həftəlik 36 saat çalışanlar üçün 6, həftəlik 24 saat çalışanlar üçün isə 4 saatdan çox işləməyə icazə verilmir.
- 6 günlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.
- 16 yaşınadək işçilər üçün həftəlik 24 saat, buna müvafiq olaraq gündəlik 4 saatdan çox işləməyə icazə verilmir.
- 16-18 yaşınadək işçilər üçün həftəlik 36 saat, buna müvafiq olaraq gündəlik 6 saatdan çox işləməyə icazə verilmir.
- Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəminin yuxarıdakı limitləri keçməməsi şərtilə yol verilir.
- 2-ci və ya 3-cü dərəcə əlilliyi olan işçilər üçün həftəlik 36 saat, buna müvafiq olaraq gündəlik 6 saatdan çox işləməyə icazə verilmir.
- Hamilə və yaşyarımadək uşağı olan qadınlar, o cümlədən 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün həftəlik 36 saat, buna müvafiq olaraq gündəlik 6 saatdan çox işləməyə icazə verilmir.
- Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insan sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər üçün həftəlik 36 saat, buna müvafiq olaraq gündəlik 6 saatdan çox işləməyə icazə verilmir.
- Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlər, müəllimlər, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlər) həftəlik 36 saat, buna müvafiq olaraq gündəlik 6 saatdan çox işləməyə icazə verilmir.
- Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına, yəni saat 22:00-06:00 aralığına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.
- Digər normal əmək şəraitli iş yerlərində iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Nəzərə almaq lazımdır ki, qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilmiş tam məbləğdə ödənilir.
Bununla yanaşı, işçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələri əsasında işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
Göründüyü kimi, ölkə üzrə normal gündəlik iş saatı hesab olunan 8 saatlıq müddət heç də hər kəsə şamil edilmir. Bununla yanaşı, müvafiq normativ tələblərin pozulması ilə işçinin iş vaxtından artıq işləməsi əmək mübahisəsinə və nəticədə iş vaxtından artıq işə görə kompensasiya tələbinə əsas olur.