Daha 3 sahə üzrə yeni dövlət standartları qəbul edilib

2023.12.29 15:38 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən radio avadanlığı və xidmətləri üçün elektromaqnit uzlaşmasına dair (AZS ETSI/EN 301 489-1 V2.2.1:2023), nəqliyyat vasitələrinin təhlükəsizlik şüşələrinə dair (AZS 122:2023) və xam neftə dair (AZS ASTM D6560:2023, AZS ASTM D7623:2023 və AZS ASTM D7691:2023) yeni dövlət standartları qəbul edilib.

- AZS ETSI/EN 301 489-1 V2.2.1:2023 standartı elektromaqnit uzlaşması ilə bağlı, yayım qəbulediciləri istisna olmaqla, radio avadanlığı və əlaqədar köməkçi avadanlıq üzrə ölçmə metodları və texniki xüsusiyyətləri ehtiva edir.

- AZS 122:2023 standartı bütün makroiqlim rayonlarında istismar olunan yerüstü nəqliyyat vasitələrinin (avtomobil və yük maşınları, avtobus, trolleybus, qatarların vaqonları, tramvay, metropoliten, kənd təsərrüfatı, qaldırma, tikinti və tikinti-yol maşınları) təhlükəsizlik şüşələrinə dair tələbləri müəyyən edir.

- AZS ASTM D6560:2023, AZS ASTM D7623:2023 və AZS ASTM D7691:2023 standartlar xam neftin tərkibində olan və insan sağlamlığına ciddi zərər vura biləcək civə, dəmir, nikel, kükürd, vanadium və asfaltenlərin miqdarının təyini üsullarını nəzərdə tutur.