2023-cü ildə illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalıb və 25 aylıq fasilədən sonra hədəf daxilində formalaşmağa başlayıb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bildirilir ki, valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, qəbul edilən pul siyasəti qərarları və hökumətin həyata keçirdiyi tədbirlər inflyasiya təzyiqlərinin azaldılmasında mühüm rol oynayıb. İnflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, pul bazarının infrastrukturunun inkişaf etdirilməsi və həyata keçirilən monetar siyasətin kommunikasiyasının genişləndirilməsi üzrə işlər davam etdirilib.
Pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verməklə ilk dəfə dəhlizin daxilində formalaşmağa başlayıb. 2024-cü ildə də Mərkəzi Bankın pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına, yəni inflyasiyanın aşağı və stabil səviyyədə saxlanılmasına yönəldiləcək. İnflyasiyanın “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə elan edilən hədəf intervalında saxlanılması pul siyasətinin əsas məqsədi olacaq. Qiymət sabitliyini dəstəkləməklə Mərkəzi Bank ölkə iqtisadiyyatının dayanıqlı artımına şərait yaratmış olacaq. Pul siyasəti qərarları 2024-cü ildə də inflyasiya mühitində xarici və daxili amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar əsasında veriləcək. Azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi 2024-cü ilə illik inflyasiyanın hədəf intervalında formalaşmasını proqnozlaşdırmağa əsas verir. Pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və pul siyasətinin kommunikasiyasının genişləndirilməsi istiqamətlərində islahatlar davam etdiriləcək. Bu islahatlar pul siyasəti qərarlarının inflyasiyaya ötürücülüyünün gücləndirilməsinə xidmət edəcək.