Ağdamın Baş Qərvənd kəndində birinci mərhələdə 851 ev tikiləcək

2023.12.27 16:10 (UTC+04:00)

Ağdam rayonunun Baş Qərvənd kəndi tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Ümumi ərazisi 476 hektar olan kənddə 6057 nəfərin məskunlaşması və 1495 evin tikilməsi nəzərdə tutulub.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

O bildirib ki, layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada uşaq bağçası, məktəb, kollec binaları, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

AZƏRTAC