Azərbaycan tarixinin Qızıl 20 İli - RƏQƏMLƏRLƏ TƏHLİL

2023.12.27 16:48 (UTC+04:00)

Son il 20 ərzində Azərbaycanın misli görünməmiş quruculuq salnaməsinin hər bir səhifəsi, xarici siyasət və beynəlxalq əlaqələrdən tutmuş iqtisadi və sosial sahələrə qədər əldə edilən möhtəşəm nailiyyətlərin xronikası kifayət qədər geniş və zəngin olub. AZƏRTAC Prezident İlham Əliyevin 2003-2023-cü illəri əhatə edən fəaliyyəti dövründə iqtisadi siyasətini bəzi rəqəmlərlə təhlil edib.

2003-cü ildə verilən vədin yerinə yetirilməsi

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə kimi qaldı, müasir siyasi tariximizə yeni mərhələnin başlanması kimi daxil oldu. Seçkilərdə mütləq üstünlüklə qalib gələn Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev oktyabrın 31-də keçirilən andiçmə mərasimində söylədiyi proqram xarakterli tarixi nitqində fəaliyyət manifestini elan edərək geniş islahatların, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu proseslərinin, ən ümdə vəzifə olan torpaqlarımızın azad olunması üçün güclü iqtisadiyyat, rəşadətli ordu quruculuğunun anonslarını verdi. Güclü Azərbaycan quruculuğunun strateji hədəflərini müəyyənləşdirərək istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində ardıcıl, düşünülmüş siyasət həyata keçirməyə başladı. İlk növbədə iqtisadi müstəqilliyin təmin edilməsi və iqtisadi cəhətdən heç kimdən asılı, xüsusən də ayırdığı kreditlərlə öz maraqlarını diktə edən beynəlxalq maliyyə qurumlarından asılı olmayan məqsədyönlü siyasət yürüdüldü.

Dövlətimizin başçısı qətiyyətli enerji diplomatiyasının müəllifi kimi fitri məharətini beynəlxalq güclərin maraqlarının enerji-tranzit qovşaqları uğrunda toqquşduğu mürəkkəb situasiyalarda hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə təsdiq etmişdi.

2006-cı ildə dünyanın böyük tranzit arteriyalarından biri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi inkişafı üçün güclü maliyyə aktivlərini hərəkətə gətirdi və dövlətimizin başçısı həmin resursları həm yeni iqtisadiyyat quruculuğu, həm də gələcək nəsillərin rifahı üçün səfərbər etdi. Enerji diplomatiyasında uğurların növbəti dalğası Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri oldu. Bu layihələrin də reallığa çevrilməsinə nail olan Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşaqları Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsində müstəsna rol oynadı. Beləliklə, təkrarolunmaz bu iqtisadi siyasət 2003-2023-cü illər ərzində ölkə iqtisadiyyatının simasını bütünlüklə dəyişdirdi.

Prezident İlham Əliyev cəmi 20 il ərzində ölkəmizə iqtisadi, siyasi, sosial, hərbi, mədəni, humanitar və digər sahələrdə ölçüyəgəlməz nailiyyətlər qazandıraraq bu uzaqgörən dövlətçilik strategiyası ilə Azərbaycanı tarixinin ən inkişaf etmiş, ən güclü dövlətinə çevirdi. Onun nadir iqtisadi idarəetmə istedadı sayəsində Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücü oldu: Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə artdı.

Ötən 20 ildə dövlət büdcəsinin gəlirləri 30 dəfəyə yaxın artıb. İyirmi il əvvəl adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.

Azərbaycana həmin illər ərzində ümumilikdə 300 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. Eyni zamanda, Azərbaycan özü potensial investora çevrilib və digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 30 milyard dolları ötüb.

Neft gəlirlərinin uğurlu idarə olunması sayəsində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi son 20 ildə 1,6 milyard dollardan 67 milyard dollara çatıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir.

Postneft iqtisadiyyatına keçid, regional tarazlıq nümunəsi

Əldə edilən neft və qaz gəlirləri qeyri-neft sektorunun inkişafını təşviq etmək və paytaxtla regionlar arasında tarazlığı təmin etmək məqsədilə tamamilə fərqli yeni konsepsiya olan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” hazırlanması və həyata keçirilməsi ilə nəticələndi. Dövlət proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə edilməsi kənd təsərrüfatı məhsullarının, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin istehsalına əhəmiyyətli təkan verdi, turizmin inkişafını təmin etdi, məşğulluğun səviyyəsinin yüksəlməsində və əhalinin güzəranının daha da yaxşılaşmasında mühüm amilə çevrildi.

Regionların inkişafı ilə bağlı növbəti - 2009-2013-cü, 2014-2018-ci və 2019-2023-cü illəri əhatə edən Dövlət proqramlarının icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən infrastruktur yaradıldı, ən yeni texnologiyalara əsaslanan müəssisələr quruldu, sahibkarlığa dövlət dəstəyi artırıldı, biznes mühiti təkmilləşdirildi və milli sahibkarlıq təbəqəsinin artan gücü sayəsində ixracyönümlü məhsul istehsalı və qeyri-neft ixracı artdı, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti yüksəldi, əhalinin sosial həyat səviyyəsi davamlı olaraq yaxşılaşdı. Bu uğurlu siyasətin nəticəsində 2003-2023-cü illərdə sahibkarlara güzəştli şərtlərlə milyardlarla manat kreditlər verildi, iqtisadiyyatda muzdla çalışanların 1 milyon 770 min nəfərə yüksəldi. Yoxsulluq səviyyəsi 45 faizdən 5,5 faizə endirildi.

Sosial dövlətin sosial obrazı...

Prezident İlham Əliyevin müəllifi olduğu uğurlu sosial dövlət modeli ötən 20 ildə orta aylıq nominal əməkhaqqının 12 dəfə, minimum əməkhaqqının isə 38 dəfədən çox artmasına səbəb olub. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlib.

Bu illər ərzində minimum əməkhaqqı 38 dəfə artaraq 9 manatdan 345 manata, orta aylıq pensiyanın məbləği 18 dəfə artaraq 23,8 manatdan 435 manata, yaşa görə orta aylıq pensiya məbləği 18,8 dəfə artaraq 24,8 manatdan 466 manata yüksəlib. Minimum pensiyanın məbləği bu illər ərzində 14 dəfə artaraq 20 manatdan 280 manata çatdırılıb. Eləcə də, 2006-cı ildən tətbiqinə başlanılan ünvanlı sosial yardımın aylıq məbləği 2006-2023-cü illər ərzində 10,6 dəfə artaraq 44,8 manatdan 478 manata çatdırılıb. 2006-cı ildən təyin edilən ehtiyac meyarının həddi bu illər ərzində 8,2 dəfə artırılaraq 30 manatdan 246 manata qaldırılıb. 2007-ci il yanvarın 1-dən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün təyin edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin dövrdə 6 dəfə artırılaraq 100 manatdan 600 manata yüksəlib. 2008-ci il sentyabrın 1-dən təyin edilən müharibə əlilləri üçün təqaüdün həcmi 1-ci qrup üzrə 5,6 dəfə artırılaraq 90 manatdan 500 manata, 2-ci qrup üzrə 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, 3-cü qrup üzrə 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata qaldırılıb.

Ümumilikdə 2003-2023-cü illər ərzində dövlətin sosial təminat xərcləri 20 dəfədən çox artıb. 2003-cü ildə dövlət büdcəsində sosial xərclərin həcmi 678,2 milyon manat idisə 2023-cü ildə bu rəqəm 12 milyard manata çatdırılıb.

Azərbaycan son 20 ildə sıçrayışlı inkişaf bumu ilə irəliləyərək dünyada ən yüksək müsbət göstəricilər nümayiş etdirən dövlətlərdən biri olub. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib. 2020-ci ildə isə həmin hesabat sənədində respublikamız 191 ölkə arasında 28-ci yerdə qərarlaşıb, dünyanın ən islahatçı 10 ölkəsindən biri olub. Azərbaycan Dünya İqtisadi Forumunun İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan 74 ölkə arasında 3-cü, “Qlobal Rəqabətlilik İndeksi”ndə 141 ölkə arasında 58-ci, “Qlobal İmkanlar İndeksi 2020” hesabatında 144 ölkə arasında 52-ci yerdə mövqe tutub. Ölkəmiz “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 178 ölkə arasında 37-ci yerdə qərarlaşıb.

Ulu Öndərin vəsiyyəti yerinə yetirildi!

Prezident İlham Əliyev üçün ən müqəddəs vəzifə, başlıca milli amal Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi idi. Azərbaycan Lideri 20 il ərzində hər gününü, bütün güc və iradəsini bir nömrəli bu müqəddəs vəzifənin icrasına sərf etdi. Uzaqgörən və əzmkar siyasət yürüdərək ölkəmizin daim artan iqtisadi potensialını ardıcıl olaraq peşəkar ordu quruculuğuna yönəltdi. 20 il ərzində 25 dəfədən çox artırılan dövlət büdcəsinin xərclərinin hər il əhəmiyyətli hissəsi prioritet xərc istiqaməti kimi müdafiə və təhlükəsizlik sahəsinə yönəldildi. Təkcə hərbi-müdafiə xərcləri həmin illər ərzində 35 dəfəyə yaxın artırılaraq 2023-cü ildə 5,3 milyard manatı üstələdi.

Məhz bu güclü iqtisadi arxitektura və hərbi imkanlar sayəsində rəşadətli Ordu quruldu və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı, 2023-cü ilin sentyabr ayında birgünlük lokal antiterror tədbirləri nəticəsində Zəfərin ən qürurverici səhifəsi və münaqişənin son akkordu tamamlandı, Azərbaycanın dövlət suverenliyi və Konstitusiya hüquqları 86,6 min kvadratkilometr ərazilərinin hər bir nöqtəsində təmin olundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu və vəsiyyətini yerinə yetirərək adını Azərbaycanın dövlətçilik tarixinə, milli irsimizə və istiqlaliyyətimizə əbədi yazdırdı. Bütün bunlara görə də 2003-cü ildən indiyədək olan müddəti Azərbaycan tarixinin Qızıl 20 İli adlandırmaq olar.

AZƏRTAC