İndiyədək Azərbaycanın Türkiyə Respublikasında ticarət nümayəndəliyi tərəfindən bu ölkənin dövlət və özəl qurumları ilə 60-dan çox görüş keçirilib.
Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycanın Türkiyə Respublikasında ticarət nümayəndəsi Tamerlan Tağıyev məlumat verib.
Onun sözlərinə görə, əsasən təbliğat və tanıtım xarakteri daşıyan görüşlərdə qarşı tərəfə ölkəmizin investisiya mühiti və imkanları, dövlət tərəfindən yaradılan təşviqat mexanizmləri, azadolmalar, xüsusi iqtisadi zonalar haqqında ətraflı məlumat təqdim edilib: “Əlbəttə, biz. Biz bundan sonra da bu istiqamətdə fəaliyyətimizi gücləndirəcəyik”.
T.Tağıyevin fikrincə, vacib məqamlardan biri də odur ki, türk iş adamlarına məlumatlar anlaşılan şəkildə təqdim olunsun: “Misal olaraq, ölkəmizin investisiya mühiti və ixrac potensialı barədə geniş məlumatları özündə əks etdirən “Azerbaijan İnvestment Guide” əvvəllər ingilis dilində təqdim olunurdusa, artıq türk dilinə də tərcümə edilib. Eyni zamanda, videoçarx hazırlanıb”.
T.Tağıyevin sözlərinə görə, ehtiyac olduğu təqdirdə marağı olan şirkət və iş adamları Azərbaycanın Türkiyədəki ticarət nümayəndəliyinə müraciət etməklə daha detallı şəkildə məlumat əldə edirlər.
“Maraqlı hal odur ki, bəzən Azərbaycana səfərlərini təşkil etdiyimiz şirkətlər bir sahəyə maraq göstərərək gəlirlərsə, burada sənaye bölgələrimizdə yaradılan imkanları görüb, daha çox məlumat topladıqdan sonra digər sahələrə də maraq göstərməyə başlayırlar. Hazırda biz onların Azərbaycanda fəaliyyətinin təşkil edilməsi üçün dəstək göstəririk. Ümid edirik ki, növbəti ildə bu görüşlərin nəticəsi olaraq bu türk şirkətləri ya ölkəmizdə fəaliyyət göstərəcək, ya da ən azından işbirliyi qurulacaq”, - deyə T.Tağıyev qeyd edib.