“Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Lakin bu ilin indi elan olunmasına baxmayaraq, Azərbaycan artıq uzun müddətdir ki, yaşıl dünyaya keçid prosesinə başlayıb. Hətta 2014-cü ildə dövlətimizin başçısı Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yaşıl iqtisadiyyata keçid məsələlərini strateji hədəf kimi qoymuşdu. Yaşıl dünya o deməkdir ki, insanlar təbii resursları tükətməsinlər, onlardan səmərəli istifadə etsinlər. Biz iqtisadi inkişafa nail olmaq üçün yalnız ənənəvi enerji resurslarından istifadə etməməli, eyni zamanda onların bərpası istiqamətində əməli iş görməliyik. Bu gün Azərbaycan günəş, külək enerjisi ilə bağlı konkret addımlar atır, xarici şirkətlər bu sahəyə investisiya yatırır. Azərbaycan yaşıl enerjinin dünya bazarına çıxarılması istiqamətində Macarıstan, Rumıniya, Gürcüstanla müvafiq sənədlər imzalayıb”, - komitə sədri bildirib.
S.Qurbanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini ölkə Prezidentinin uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirib: “COP29-un Azərbaycanda keçirilməsi qərarından sonra dünya bizdən çox şey gözləyir. Çünki Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddətində yeni çağırışlarla yadda qaldı, qlobal təhlükəsizliklə bağlı praktik addımlar atdı. Dünyamızın gözəlləşməsi, daha da yaxşılaşması üçün Azərbaycandan gözləntilər çoxdur. Bu gün dövlətlərin böyük əksəriyyəti su və enerji qıtlığından danışır. Hətta nüvə enerjisindən istifadəni 2020-ci ilə nisbətən 2050-ci ilədək 3 dəfə artırmağı planlaşdırırlar. Bu, o deməkdir ki, artıq dünya yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Amma enerji tələbatını təmin edə bilmək üçün bəşəriyyəti məhv edə bilmərik. Bunun üçün əl-ələ verməli, yeni bir mühit formalaşdırmalı, dünya dövlətləri ilə birgə vəziyyətdən çıxmaq üçün yeni yollar axtarmalıyıq. İnanıram ki, cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində o ümidlər məhz elə bizim ölkədə özünü doğruldacaq, yaşıl dünya naminə həmrəylik təməlləri Azərbaycanda atılacaq”.
S.Qurbanov bildirib ki, Prezident İlham Əliyevin yaşıl enerjiyə keçidlə bağlı tapşırıqlarına əsasən, Naxçıvan, Laçın, Cəbrayıl, Kəlbəcər, bütövlükdə ölkəmizdə işlər aparılır, işğaldan azad edilmiş ərazilərdəki çaylar üzərində su elektrik stansiyaları tikilir.
Komitə sədrinin sözlərinə görə, yaşıl enerjini prioritet istiqamət kimi qəbul edən Azərbaycan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı yaşıl enerji zonası elan edib: “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl zona elan edilməsinin əhəmiyyəti ondan ibarətdir ki, burada sıfır tullantılara nail olunacaq. Bu isə Azərbaycanda qarşıya qoyulan hədəfin böyük bir hissəsinə çatmaq deməkdir. Bu sahədə dövlət qurumları işlər aparır, xarici şirkətlər bu istiqamətdə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Azərbaycanda yaşıl enerjinin istehsalı məqsədilə ərazilərin seçilməsi ilə bağlı xəritə də hazırlanıb və bu xəritələr investorlara təqdim olunur”.
İlhamə İSABALAYEVA