Çin şirkətləri Bakı Limanı ilə əməkdaşlıqda maraqlıdırlar

2023.12.26 10:46 (UTC+04:00)

Azərbaycanın strateji coğrafi mövqeyi və Bakı Limanının infrastruktur imkanlarını nəzərə alan Çin şirkətləri logistika və liman əməliyyatlarının genişləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir ki, bu fikir Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Regional Əməkdaşlıq Departamentinin direktor müavini Lianq Linçonqun rəhbərliyi ilə nümayəndə heyətinin Bakı Limanına səfəri zamanı səsləndirilib.

Görüşün əsas məqsədi beynəlxalq ticarət şəbəkəsi çərçivəsində Orta Dəhliz boyunca yaranan biznes imkanlarının müzakirəsi olub. Qonaqlar qədim İpək Yolu ilə tarixi əlaqələrə əsaslanan Orta Dəhlizin inkişafında və dayanıqlılığında Bakı Limanının aparıcı rolunu, limanın “Bir kəmər, bir yol” təşəbbüsünə mühüm töhfəsini qeyd ediblər.

Görüş zamanı Bakı Limanının Asiya ilə Avropanı birləşdirən əsas tranzit qovşağı kimi əhəmiyyəti vurğulanıb, limanın Orta Dəhlizi dayanıqlı, rəqəmsal, “yaşıl dəhliz”ə çevirmək üçün icra etdiyi layihələr əsas müzakirə mövzularından olub.