Qorunan əmanətlərin faiz dərəcələri aşağı salınıb

2019.07.01 11:25 (UTC+04:00)

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bankla razılaşdırılmaqla, 1 iyul 2019-cu il tarixindən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib. Fonddan bildirilib ki, 2019-cu il iyulun 1-dək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz təşkil edib. Bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə saxlanılır.

1 iyul 2019-cu il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətləri Fond sığorta etmir və onlara görə kompensasiya ödənilməyəcək. Qeyd edək ki, əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqlarını yalnız banklar ödəyir.