Bu ilin əvvəlindən bəri İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 176,5 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 493 sahibkarlıq subyektinə 47,9 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın İnkişafı Fondunun Qaxda keçirilən işgüzar forumunda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1800-dən çox iş yerinin yaradılmasına imkan verir.
Xatırladaq ki, Fond 2017-ci ildən etibarən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini indiyədək verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına həyata keçirir. 2018-ci ildə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 64,3 faizi regionların, 35,7 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.