Vergi ödəyiciləri üçün daha bir məqsədli güzəşt

2018.12.19 13:45 (UTC+04:00)

Azərbaycanda həyata keçirilən islahatların prioritetləri arasında sahibkarlığın inkişafının dəstəklənməsi və vergi sistemində apelyasiya institutunun səmərəliliyinin artırılması xüsusi yer tutur. Bu məqsədlərə nail olmağın üsul və vasitələrindən biri də vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası qaydalarının təkmilləşdirilməsidir. Vergi sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də müvafiq addımlar atılır. Vergi Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır.

Əvvəllər Vergi Məcəlləsinə və vergi borclarının alınmasına dair qaydalara əsasən, vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. İndiki halda isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılacaq və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq müraciət təmin ediləcək. Bunun nəticəsində vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Dəyişikliyin məqsədi sahibkarların hüquqlarının genişləndirilməsi, vergi qərarlarının inzibati qaydada mübahisələndirilməsi zamanı sahibkarın pul vəsaitlərinin toxunulmazlığının təmin edilməsi, apelyasiya institutunun səmərəliliyinin artırılmasıdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi əlavə hüquq əldə etmiş olur. Dəyişiklik bütün vergi ödəyicilərinə ünvanlanıb. Dəyişiklik müddət məhdudiyyəti nəzərdə tutmadığından, təsirləri uzunmüddətli qiymətləndirilə bilər.

Sahibkarlara əlavə hüquqi üstünlük verilib

Ekspertlər gələn ilin yanvarından tətbiq ediləcəyi gözlənilən bu dəyişikliyi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirirlər. Milli Məclisin deputatı Vahid Əhmədov "Vergilər"qəzetinə açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə pulun silinməsinə verilmiş sərəncamın icra müddətinin 5 iş günündən 30 iş gününədək uzadılması hər şeydən əvvəl sahibkarın maraqlarına xidmət edir: "Əvvəlki qaydalar sahibkarlar üçün xeyli çətinliklər yaradırdı. Çünki belə mübahisələr zamanı sahibkarın inzibati qaydada şikayət edə bilməsi üçün cəmi 5 günlük möhləti vardı. Bu müddət başa çatanadək sahibkar aidiyyəti üzrə şikayət etməsə, Vergilər Nazirliyi birtərəfli qaydada həmin vəsaitin silinməsini həyata keçirə bilərdi. İndi isə belə mübahisələrin həlli üçün sahibkarlara əlavə hüquqi üstünlük verilib. Yəni Məcəlləyə edilən dəyişikliklə əlaqədar vergi ödəyicisi ilə borc mübahisəsi olduğu halda Vergilər Nazirliyi birtərəfli qaydada sahibkarın bank hesablarındakı vəsaitin silinməsini həyata keçirə bilməyəcək. Çünki sahibkar özü haqqında çıxarılmış qərarla razı olmadığı təqdirdə inzibati qaydada müraciət edərək ya Vergilər Nazirliyi vasitəsilə, ya da məhkəmə yolu ilə onu bərpa edə bilər. Borca görə silinməsi nəzərdə tutulan vəsait yekun qərar çıxarılanadək depozit şəklində sahibkarın öz hesabında dondurulacaq və tərəflərdən heç biri ona sərəncam vermək hüququna malik olmayacaq. Bu isə sahibkarın həmin vəsait üzərində sərəncam vermək hüquqlarını bərpa etmək imkanlarının genişlənməsi deməkdir".

Sahibkarın borca görə bank hesabından vəsaitin silinməsinə verilmiş
sərəncamın icra müddəti 5 iş gününədək uzadılıb

"Dəyişiklik birmənalı olaraq vergi ödəyicilərinin xeyrinədir"

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vergi məsələləri üzrə ekspert Sirac Piriyev bu dəyişikliyi birmənalı olaraq vergi ödəyicilərinin xeyrinə atılan addım kimi qiymətləndirib. Qeyd edib ki, mövcud qanunvericiliklə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə uyğun olaraq vergi borcunun ödənilməsi barədə təqdim edilən borc bildirişinin vergi ödəyicisi tərəfindən alındığı tarixdən 30 gün ərzində yalnız məhkəməyə şikayət verildiyi halda vergi orqanları vergi ödəyicisinin milli və ya xarici valyutada olan cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə icra sənədi (sərəncam) vermirdi: "Lakin məhkəmə çəkişmələri uzun vaxt apardığına və əlavə maliyyə itkilərinə səbəb olduğuna görə bir çox vergi ödəyiciləri mübahisəli vergi borclarını ilk növbədə yuxarı vergi orqanına müraciət etməklə həll etməyi daha məqsədəuyğun hesab edirlər. Belə olan halda hesablamanın mahiyyətindən asılı olmayaraq, vergi orqanları vergi ödəyicisinin milli və ya xarici valyutada olan cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə icra sənədi (sərəncam) göndərir və pul vəsaitləri həmin vergi borclarının ödənilməsinə yönəldilir. Sonradan vergi ödəyicisinin inzibati şikayəti üzrə yuxarı vergi orqanında onun xeyrinə qəbul edilən qərar, yəni hesablama qərarının ləğv edilməsi vəziyyəti vergi ödəyicisinin xeyrinə tam aradan qaldırmırdı. Bank və depozit hesablarından büdcəyə silinən vəsaitlər yuxarı vergi orqanının hesablama qərarının ləğvi barədə qərarı icra olunduğu zaman şəxsi hesab vərəqəsində artıq ödəmə şəklində əksini tapır ki, vergi ödəyicisi həmin vəsaitləri vergilərdən başqa digər öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edə bilmir. Vergi ödəyicisinin sərəncamında olan pul vəsaitləri yalnız onun gələcək vergi öhdəlikləri ilə əvəzləşir ki, bu da inzibati şikayətin təmin olunduğu hallarda şəxsin öz mülkiyyəti (pul vəsaitləri) barədə sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır".

Vəkil hesab edir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklə belə halların qarşısı alınacaq: məhkəməyə verilən ərizə ilə yanaşı, yuxarı vergi orqanına da edilən inzibati şikayət zamanı qəbul olunan qərara uyğun olaraq sərəncamların tətbiqi məsələsi həll ediləcək.
Məcəlləyə edilən bu dəyişiklik sahibkarların hüquqlarının genişləndirilməsini nəzərdə tutduğundan, işgüzar dairələr tərəfindən pozitiv qəbul olunacağı gözlənilir. Əvvəlki praktikada bank hesablarından pul vəsaitlərinin silinməsinin qarşısının alınması üçün vergi ödəyicilərinin məhkəmələrə müraciət etməsi hallarının çoxluğu müşahidə edilirdi. Dəyişiklik məhkəmədə vergi orqanlarına qarşı qaldırılan inzibati işlərin və lüzumsuz məhkəmə mübahisələndirmələrinin sayının azalmasına da şərait yaradacaq, şikayətlərə daha operativ reaksiya verilməsinə imkan verəcək.

Mütəxəssislərin fikrincə, ümumilikdə bu dəyişiklik həm sahibkarların, həm də vergi orqanlarının maraqlarına uyğundur: borc mübahisələrinə görə sahibkarın bank hesablarındakı vəsaitlərin bir ay ərzində dondurulması inzibati şikayətlərə vaxtında baxılması və problemin aradan qaldırılması üçün geniş imkanlar yaradır.

Elxan SALAHOV