Naxçıvan sahibkarları qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb

2023.12.22 17:32 (UTC+04:00)

Azərbaycan Respublikasının Mərkəzi Bankının, Bakı Fond Birjasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Naxçıvan şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb, qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar olub.

Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.

Qeyd edək ki, bu, sayca onuncu belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay və Şəmkir şəhərlərində təşkil olunub. Mütəmadi olaraq keçirilən “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.