Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1893,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 47,1 faiz artaraq 758,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,7 faiz artaraq 97,4 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 312,8 min nəfər olub.
Ölkəyə gələn əcnəbilərin 71,7 faizi hava, 27 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bununla yanaşı, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1709,4 min nəfər təşkil edib.
Rusiya Federasiyasına gedən ölkə vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 32,8 faiz, Türkiyəyə gedənlərin sayı 21,9 faiz artıb, İrana gedənlərin sayı 25,8 faiz azalıb.
2023-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.