Rəhman Hümmətov: “Zəngəzur dəhlizinin işə salınması ilə bağlı çox böyük həcmli işlər həyata keçirilir”

2023.12.21 14:50 (UTC+04:00)

Qarşıdakı 3 ildə sərhəd keçid məntəqələrinin və əsas yük daşıyıcısı olan dəmir yol stansiyalarının inkişaf etdirilməsi planlaşdırılır.

Bu fikri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən nəqliyyat və logistika mərkəzləri ilə bağlı panel müzakirələrdə səsləndirib.

Nazir müavininin sözlərinə görə, Biləcəri, Ələt və digər stansiyalarda, eləcə də Rusiya və Gürcüstan istiqamətində mövcud yollarda rabitə işarəvermə sistemlərinin yenilənməsi gözlənilir: “Tədbirlər planında Osmanlı-Astara istiqamətində mövcud olan dəmir yol xəttinin yenilənməsi də öz əksini tapıb. Hazırda Zəngəzur dəhlizinin işə salınması ilə bağlı çox böyük həcmli işlər həyata keçirilir. Eləcə də Qarsdan Naxçıvana qədər dəmir yol xəttinin çəkilməsi planları qurulur”.

O əlavə edib ki, qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək mümkün dəmir yol xətti üzərində işlər gedir. Hazırda İran tərəfi ilə müzakirələr aparılır və marşrutla bağlı layihələndirmə işlərinə start verilib.